Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilib

10.05.2018

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilən silsilə tədbirlər çərçivəsində 2 nömrəl Uşaq-gənclər İnkişaf Mərkəzi ilə birgə tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə öncə 2 saylı Uşaq-gənclər İnkişaf Mərkəzinin dərnək müəllimlərinin və şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Daha sonra  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçisi Fərman Kazımov və Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şukurov Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə verdiyi taleyüklü qərarlar və attığı tarixi addımlardan söz açıblar. Xalqımızın hər zaman Heydər Əliyev kimi şəxsiyyətlə fəxr etdiyi və onun əziz xatirəsinin Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda dərin hörmətlə anıldığı bildirilib. Tədbirdə Ümummilli Liderin kəlamları səsləndirilib. Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Sonda Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanan Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film təqdim olunub. 

Mərkəzin təşkilatçılığı ilə Sumqayıt şəhərinin peşə liseyinin şagirdləri və Şuşa rayon məktəblilərinin iştirakı ilə keçirilən tədbirdə Mərkəzin direktoru Aygün Zülfüqarlı Ümummilli Liderimiz Heydər Əliyevin zəngin həyat yolu, Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən, quruculuq, xilaskarlıq missiyasından geniş söz açıb. Tədbirdə Dahi Öndərin Azərbaycan xalqı və dövləti naminə misilsiz xidmətlərindən, təhsilin inkişafına, gənc nəslə qayğısından, Sumqayıta səfərlərindən və bu səfərlərin şəhərin inkişafına olan mühüm təsirləri barədə mərkəzin əməkdaşları şagirdlərə məliumatlar təqdim ediblər. O da vurğulanıb ki, bu gün prezident İlham Əliyev tərəfindən ölkəmiz siyasi sabitlik, iqtisadi yüksəliş yolu ilə hərtərəfli, dinamik inkişaf edir. Sonra Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film təqdim olunub. Tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey hissə ilə, elektron kitabxana, rəsm otağı və dərnəklərin keçirildiyi otaqlarla tanış olublar.

Mərkəzdə keçirilən silsilə tədbirlər çərçivəsində Mərkəzin ingilis və rus dili dərnəklərində məşğul olan şagirdlərin iştirakı ilə interaktiv açıq dərs keçirilib. Mərkəzin əməkdaşı Elmira İbadova tərəfindən hazırlanmış dərsdə şagirdlər Ümummilli Liderin bütün dünyaya örnək olacaq fəaliyyəti və zəngin həyat yolu barədə slaydlar əsasında ingilis və rus dillərində məlumatlar təqdim ediblər. Sonda şagirdlər tərəfindən rəqs və musiqi nömrələri də təqdim olunub.

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

 

 

76.6 KB

 

82.4 KB