Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mərkəzi Uşaq Kitabxanasında Amerika yazıçısı Ernest Miller Heminqueyin “Qoca və dəniz” kitabının müzakirəsi keçirildi

18.07.2019

Mərkəzi Uşaq Kitabxanasında Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Miller Heminqueyin anadan olmasının 120 illik yubileyi münasibətilə fəal oxucuların iştirakı ilə yazıçının “Qoca və dəniz” kitabının müzakirəsi keçirildi. Tədbirdə Mərkəzi Uşaq Kitabxanasının multimedia mütəxəssisi Leyla Mahmudova dünya şöhrətli yazıçının macəralarla dolu qeyri-adi həyatı və zəngin yaradıcılığı haqqında danışaraq onun əsərlərinin dünya ədəbi xəzinəsində öz yeri olduğunu qeyd etdi. Sonra Sumqayıt şəhər İngilis Dili Mərkəzinin müdiri Gülnaz Quliyeva da XX əsr dünya nəsrinin görkəmli yaradıcılarından biri olan Ernest Heminqueyin sənət dünyasından bəhs edərək onun həyata, sənətə baxışları haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdü. Yazıçının həyat və yaradıcılığından bəhs edən videofilmin nümayişindən sonra tədbir Ernest Heminqueyin ədəbi ictimaiyyətdə II Dünya müharibəsindən sonra bəşəriyyəti sülhə çağıran ən yaxşı əsərlərdən biri kimi qiymətləndirilən “Qoca və dəniz” əsərinin müzakirəsi ilə davam etdi. Fəal oxucular süjet xəttini 84 gün bütün ovları uğursuz nəticələnən, ucsuz-bucaqsız okeana xırdaca bir qayıqla ova çıxan, nəhayət nəhəng bir balıq ovlayan, öz şikarını köpək balıqlarının hücumundan qorumaq üçün gərgin mübarizə aparıb yenidən əliboş geri qayıdan tənha qocanın başına gələnlər təşkil edən əsəri nəql etdilər. Əsas leytmotivi "İnsanı məhv etmək olar, amma məğlub etmək mümkün deyildir" olan insanın gücünə, iradəsinə, dözümünə və əbədiyyət sevgisinə dərin rəğbət ediləcək bu əsər haqqında uşaqlar öz fikirlərini bölüşdülər. Kitab haqqında maraqlı fikir mübadiləsi ilə keçən müzakirə böyük hədəflərin ağır bədəllərinə sinə gərən qoca balıqçının bütün məşəqqətlərə rəğmən heç bitməyən ümidi, özünə təlqin etdikləri və bu sayədə bütün çətinliklərin öhdəsindən gələ bilməsi, sonda nəticəsiz əziyyətlərinə baxmayaraq, hər şeyə yenidən başlama əzmi oxuculara çox şey aşıladı.

 

496.5 KB

 

379 KB

 

382.7 KB