Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Region haqqında
Coğrafi mövqeyi

Zəngilan

Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində Ermənistan və İranla sərhəddə, Bakı-Culfa-Naxçıvan magistral dəmir və şosse yolları üzərində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Sahəsi 72550 hektardır. Ərazisini dağ və çay vadiləri tutur. Zəngilan rayonunda bir şəhər (Zəngilan şəhəri), iki qəsəbə və 82 kənd olmuşdur.
Rayonun ərazisi orta və alçaq dağlıq sahədə yerləşərək mürəkkəb və dərəli-təpəli səth quruluşuna malikdir. Şimal-qərbdən əraziyə daxil olan Bərgüşad silsiləsi (Süsən dağı, 1304 m) alçalaraq Bazarçayla Oxçuçay arasında Ağ Oyuq maili düzünü (hündürlüyü 400-600 m) əmələ gətirir.Şimal-şərqdə Qarabağ silsiləsinin Araz və Həkəri çaylarına tərəf alçalan yamacları təpəli Gəyən (Geyan) çölünə keçir. Qərbdə Mehri (Mehri-Güney) silsiləsinin şərq kənarı (Bartaz dağı, 2270 m) yerləşir.Burada yura, təbaşir və neogen çöküntüləri yayılmışdır.
Həkəri, Oxçu Bəsit çayları rayonun cənub sərhəddindən axan Araz hövzəsinə aiddir. Düzən və dağətəyi sahədə dağ-şabalıdı, dağ boz-qəhvəyi, dağlıq sahədə qəhvəyi dağ-meşə, çay dərələrində çimli-çəmən torpaqları yayılmışdır. Rayonda 107 hektar sahəsi olan Bəsitçay Dövlət Təbiət qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək büllur sulu təbii bulaqlar, 4 mənbədən ibarət olan Essentuki- 4 suyuna tərkibcə uyğun gələn «Qotursu» mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində turşsu mineral bulağı vardır. İri yaşayış məntəqələri Zəngilan şəhəri, respublika əhəmiyyətli dəmiryol qovşağına malik, şəhər tipli Mincivan qəsəbəsi və «Üzümçülər» qəsəbəsi idi.
Ərazinin çox yerində qışı quraq keçən mülayim isti iqlim hakimdir.
Bitki örtüyündə çöl formasiyası geniş yer tutur. Quru çöl, dağ kserofil bitkiləri, kolluqlar, dağlıq hissədə enliyarpaqlı meşələr (palıd, vələs və s.) geniş yayılmışdır.