Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon üzrə nümayəndəliyi şəhid ailələrini ziyarətə davam edir

22.11.2021

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi Vətən müharibəsi qəhrəmanı, şəhid Elməddin Hümbət oğlu Cəfərovun ailəsinə baş çəkib. Ziyarət zamanı şəhid Elməddinin ailəsi ilə onun həyat və döyüş yolundan söhbət açılıb, Vətən uğrunda göstərdiyi qəhramanlıqlardan fəxarətlə danışılıb.Sonra şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, məzarı üzərinə tər qərənfillər düzülüb.

Şəhid E. Cəfərov 21 sentyabr 1987-ci ildə Xızı rayonu Şorabad qəsəbəsində anadan olub. Orta təhsilini Şorabad qəsəbəsində Məmməd Arif  Dadaşzadə adına tam orta məktəbdə alıb. 2005-ci ilin payızında milli ordumuzun sıralarına  həqiqi hərbi xidmətə çağırılıb və Gəncə şəhəri “N” saylı hərbə hissədə xidmət göstərib. 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində təhsil alaraq “Gizir” hərbi rütbəsinə yüksəlib və həmin ildən xidmətini davam etdirib.

27 sentyabr 2020-ci ildə Ali baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda başlanan  Vətən Müharibəsində iştirak edib. Elməddin 27 sentyabr döyüşlər başlayan ilk gündən ön cəbhədə vuruşub.  O, oktyabrın 8-i Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Oktyabrın 30-da şəhidimiz boya-başa çatdığı Xızı rayon Şorabad qəsəbəsində torpağa tapşırılıb. Ailəli idi, onun Sevgi və Hümbət adında iki övladı Vətənə əmanət qalıb.

Elməddin göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, ”Xocavəndin  azad olunmasına görə”, “Füzulinin azad olunmasina görə”, ”Vətən uğrunda”  medalları ilə təltif olunub.