Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycan hərbçisinin torpaqlarımızı azad etmək yanğısı qələbəmizə səbəb oldu

08.03.2021

Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu şanlı tarix yazdı. Əlbəttə, bu qələbə birdən-birə qazanılmadı. Ali Baş Komandan İlham Əliyevin illərdir milli maraqlarımıza söykənən müstəqil siyasət aparması, ölkəmizin beynəlxalq arenada yüksək nüfuz qazanması, güclü ordumuzun formalaşması, rəşadətli əsgərlərimiz və xalqın birliyi kimi faktorlar əl-ələ verərək bu möhtəşəm zəfəri bizə yaşatdı.
Düzdür ki, Azərbaycan ordusu ən müasir texnika ilə təchiz olunmuşdu, amma sıravi əsgərdən tutmuş ən yüksək rütbəli zabitə kimi hər bir hərbi qulluqçunun peşəkar hazırlığı, damarlarında axan vətənpərvərlik qanı, işğal olunmuş torpaqların geri qaytarmaq yanğısı olmasaydı, bu qələbəni, bəlkə də, qazana bilməyəcəkdik. Və budur, 44 gün ərzində bu əzmkar ordu dünya hərb tarixində qızıl hərflərlə yazılacaq bir peşəkarlıq nümayiş etdirdi. Belə ki, hücuma düşmənin təxmin etdiyi ərazilərdən yox, tamam başqa regiondan keçdi. Həm bu cür strateji gediş, həm də ən müasir silah və pilotsuz uçuş aparatlarından istifadə nəticəsində torpaqlarımız qısa müddətdə yağı düşməndən azad olundu. Halbuki mənfur düşmən uzun müddətdir mökhəm müdafiə istehkamları qurmuşdu. Beynəlxalq təşkilatların 30 il ərzində sülh yolu ilə edə bilmədiklərini Azərbaycan ordusu çox qısa bir zaman ərzində hərb yolla gerçəkləşdirdi.
Döyüşdə Azərbaycanın, demək olar, bütün qoşun növləri iştirak edirdi. “Dəmir yumruq” əməliyyatı zamanı Azərbaycan Quru Qoşunları, Hərbi Hava qüvvələri, Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu böyük qəhrəmanlıq göstərdi. Amma yəqin ki, hər bir azərbaycanlının yaddaşında bu döyüşlərdə misilsiz rəşadət və qəhrəmanlıq göstərən Xüsusi təyinatlı dəstənin ayrıca yeri olacaq. Döyüşlər zamanı həmçinin ilk dəfə olaraq Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlı dəstəsi – “Yarasa” iştirak edirdi.
Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də, Qarabağın incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim mədəniyyət ocağının xilası ilə tam qələbəmizə yol açıldı. Müharibə zamanı dünyanın ən aparıcı media orqanları Azərbaycan xalqının əzmini, Azərbaycan ordusunun döyüş qabiliyyətini bütün dünyaya çatdırdı. Bununla yanaşı, erməni vandalizminin və yalanlarının bir daha əyani şahidi olduq. Qələbə sayəsində qondarma rejim tarixin zibilxanasına gömüldü. Artıq Qarabağ regionu ilə bağlı heç bir statusdan söhbət gedə bilməz. 44 günlük müharibədə Azərbaycan tam qələbə qazandı, Ermənistan isə biabırçı məğlubiyyətlə üzləşdi.
Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Ali Baş Komandanın da vurğuladığı kimi, bu qələbə regionda yeni nizam yaratdı. Bundan sonra bölgədə heç nə əvvəlki kimi olmayacaq. Torpaqlarımızın azad olunması müstəqil Azərbaycan üçün yeni və parlaq səhifə açdı. Bu qələbə ruhu dövlətimizin hər bir vətəndaşında və gələcək nəslin bütün fəaliyyətlərində öz əksini tapacaq və biz daha da inkişaf etmiş, dünyada öz sözünü deyən bir dövlətə çevriləcəyik.
Olya İslamova, Əməkdar mədəniyyət işçisi