Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Heydər Əliyev mədəni irsimizin keşiyində

05.05.2021

“Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və

dünya xalqları   içərisində fərqlənir.

Bu xüsusiyyətlərdən ən yüksəyi,

ən böyüyü mədəniyyətdir”

Heydər Əliyev,

Ümummilli Lider.

Bəşəriyyətin ilk insan məskənlərindən biri olan Azərbaycan çox qədim tarixi-mədəni irsə malikdir. Dövlətçilik ənənələri eramızdan əvvəl birinci minilliyə gedib çıxan Azərbaycan xalqı daim bu tarixi-mədəni irsi qorumuş, öz mental individuallığını saxlaya bilmişdir. Azərbaycan kimi kiçik ölkə dünyanın istər siyasi tarixinə, istərsə də elm, mədəniyyət və incəsənətinə zaman-zaman öz əvəzsiz töhfələrini vermiş, onu daim zənginləşdirmişdir. Lakin xalqların böyüklüyü onun ərazisinin genişliyi və ya əhalisinin sayı ilə deyil, yetirdiyi tarixi şəxsiyyətlərlə ölçülür. Bu baxımdan Azərbaycan xalqı sözsüz ki, böyük bir xalqdır. Çünki hər zaman torpağımız dünya mədəniyyətində, siyasətində, ədəbiyyatında xüsusi yeri olan bəşəri keyfiyyətli şəxsiyyətlər yetirmişdir. XX əsrdə isə Azərbaycan torpağının yetirdiyi ən böyük şəxsiyyətlərdən biri Heydər Əliyev olmuşdur.

İkinci minilliyin sonuncu yüzilliyi Azərbaycan üçün çox ağır və keşməkeşli bir dövr idi. XX əsrin əvvəllərində Azərbaycan Rus İmperiyasının çoxəsrlik əsarətindən qurtularaq müstəqillik əldə etdi. Amma bu müstəqillik də uzun çəkmədi. 1918-ci ilin may ayında yaradılan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aydan sonra süquta yetirildi. Və Azərbaycan 1920-ci ildə zor gücü ilə Sovet imperiyasının tərkibinə qatıldı. Həmən dövrdə azərbaycanlılar nəinki İttifaq ərazisində, elə öz doğma yurdunda belə sıxışdırıldı, onlarla ikinci növ insanlar kimi rəftar edilirdi və bu proses uzun bir müddət, düz 1969-cu ilə qədər davam etdi.

1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə Heydər Əlirza oğlu Əliyev təyin edildi və elə bu hadisədən sonra azərbaycanlılara qarşı münasibət köklü surətdə dəyişdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar sayəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar ölkəsinə çevrildi. Respublikada aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, məktəb və bağça binaları, sənaye müəssisələri tikildi, yollar salındı.

Mədəni yüksəlişə hər zaman önəm verən Heydər Əliyev bu sahədə də böyük işlər gördü. 1969-1982-ci illərdə ölkəmizdə 1155 kitabxana, 1316 mədəniyyət sarayı, klub, 44 muzey tikilib istifadəyə verilmişdir. Həmin illərdə istər klassik ədəbi irsimizin təbliği və dünya miqyasında təsdiqi, istərsə də mədəniyyətin bir çox sahələrinin nəzərəçarpacaq inkişafında Heydər Əliyevin xidmətləri misilsizdir. Klassik Azərbaycan ədəbiyyatı, incəsənəti çoxəsrlik tariximizin məhz Heydər Əliyev dövründə, onun bilavasitə dəstəyi və himayədarlığı ilə bütün dünyada tanınmış kino, teatr, opera-balet, təsviri sənət əsərlərimiz sərhədləri aşmışdır.

Heydər Əliyevin gərgin səyi nəticəsində minlərlə azərbaycanlı gənc elmin və təhsilin dərinliklərinə yiyələnmək üçün İttifaqın ən nüfuzlu ali məktəblərinə göndərildi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi. Azərbaycana sovetlər dönəmində rəhbərlik etdiyi 14 il ərzində yüzilliklər boyu əldə edilməsi mümkün olmayan nailiyyətləri gerçəkləşdirməyi bacaran Heydər Əliyevə bütün bunları həyata keçirməyə onun Vətənə, xalqa, torpağa hədsiz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı kömək etmişdir.

“Bizim ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdəki hörmətini qaldırmaq lazımdır. Çünki xalq həmişə öz ziyalıları, öz mədəni irsi, öz elmi ilə tanınır. Şübhəsiz ki, xalqın tarixində sərkərdələrin də, siyasətçilərin də, böyük rolu vardır. Ancaq xalq həmişə mədəniyyəti, elmi ilə tanınıb və keçmiş tariximiz də bunu sübut edir.”– deyən Heydər Əliyev 70-ci illərdə Azərbaycan paytaxtında və digər şəhər və rayonlarımızda tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidəsinin  ucaldılmasına nail olurdu. Böyük öndərin həmin siyasətinin nəticəsi idi ki, həmin illərdə Nəriman Nərimanovun, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin, Səttar Bəhlulzadənin və başqa görkəmli  soydaşlarımızın abidəsi qoyulmuşdu. 1976-cı ildə Şuşanın sosial-iqtisadi inkişafı haqqında qərar qəbul ediləndən sonra bu şəhərdə  Xan qızı Natəvanın abidəsi ucaldıldı. Bu illərdə Bakıda və digər şəhərlərdə çoxlu sayda tarix-diyarşünaslıq muzeyləri, Səməd Vurğunun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeyləri yaradıldı. Məxsusi bir qərarla repressiya qurbanlarının – əvvəl Mikayıl Müşfiq və Hüseyn Cavidin ev muzeyləri yaradıldı.

Sonradan Moskvada fəaliyyət göstərdiyi dövrdə də Heydər Əliyev doğma Azərbaycanını və millətini unutmamış, ölkəmizin inkişafı və çiçəklənməsi, əhalisinin rifah halının daha da yüksəlməsi üçün əlindən gələni əsirgəməmişdi. O dövrdə Azərbaycan mədəniyyətinin də inkişafı heç təsadüfü olmamışdır. Belə ki, keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən, Sovet İttifaqının mədəniyyət üzrə bütün müəssisə və təşkilatlarına rəhbərlik edərkən Heydər Əliyev Azərbaycanın ümumittifaq və ümumdünya mədəni məkanına cəlb olunmasına çalışır, ədəbiyyatımızı, incəsənətimizi geniş təbliğ edir, dünyanı Azərbaycana, Azərbaycanı dünyaya tanıdırdı.

70-80-ci illərdə respublikamızın həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət sferasında da Heydər Əliyev böyük canlanmaya və tarixi uğurlara nail olmuşdu. Tale elə gətirdi ki, Heydər Əliyev o dövrdə başladığı işləri 1993-cü ildə Azərbaycan Prezidenti seçildikdən sonra da uğurla davam etdirdi.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 34 ilin hər ili, hər ayı və hər günü yaddaqalan, xalqın rifahına, inkişafına xidmət edən əməllərlə zəngindir. O dövr ümumilikdə Azərbaycanın və eləcə də mədəniyyətimizin intibah dövrü kimi tarixə qızıl hərflərlə yazılıb. “Hər bir xalq öz mədəniyyətinə görə tanınır” – deyən ulu öndərin bu sahəyə xüsusi diqqəti nəzərəçarpacaq dərəcədə çox idi. Tam qətiyyətlə demək olar ki, Heydər Əliyev Azərbaycanın mədəni həyatında misilsiz yeniliklərin ideoloqu, təşəbbüsçüsü, ilhamvericisi, təşkilatçısı olmuşdur.

“Azərbaycan sənətkarlar diyarıdır” deyirlər. Ancaq təkcə sənətin və sənətkarın olması kifayət deyil. Onların istedad və əməyinə layiqli qiymət verilməsi, inkişafı üçün şərait yaradılması da olduqca vacib bir amildir. Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı və bütün bu mənəvi xəzinəni yaradan sənətkarlar Heydər Əliyevin daim diqqət və qayğısından bəhrələnmişlər.

Bugünkü səviyyəsinə və dünya xalqları tərəfindən tanınaraq sevilməsinə görə özünün himayədarı, qayğıkeşi Heydər Əliyevə minnətdar olmalıdır. Ədəbiyyata, incəsənətə bağlılıq onun fitri istedadından, yaradıcı təbiətindən qaynaqlanırdı. Heydər Əliyev Allah vergisi, gözəllik duyumu və fəhmi ilə hər hansı sənət əsərinə sənətkarcasına yanaşaraq qiymətləndirməyi bacarırdı. Yeni-yeni istedadların tapılıb üzə çıxarılmasında, inkişaf etdirilməsində bir dövlət başçısı kimi onun xüsusi əməyi və qayğısı vardı.

Dövlətin ali mükafatlarını və prezident təqaüdünü alanlar içərisində çoxluğu mədəniyyət və incəsənət xadimləri təşkil edir. O, tanınmış hər bir sənət adamının yaradıcılığına bələd idi və hər kəsə öz qiymətini verirdi. O, korifey sənətkarlarımızın dünya miqyasında yubileylərini keçirməklə Azərbaycan mədəniyyətinin zənginliyini, bəşərliyini bütün dünyaya sübut etdi. Korifeylərimizin heykəllərini ucaltmaqla, ev-muzeylərini yaratmaqla onları xalqın yaddaşına əbədi həkk etdi. “Bizim gözəl incəsənətimiz, mədəniyyətimiz, bənzərsiz xalq musiqimiz və ondan bəhrələnən, onun əsasında yaranan müasir, peşəkar musiqimiz var” – deyən Heydər Əliyev bu incəsənətə, musiqiyə qiymət verməklə kifayətlənmir, onun dünya arenasına çıxması və inkişafı üçün də əlindən gələni əsirgəmirdi. Onun gördüyü hər bir iş, atdığı hər bir addım həm keçmişimizi yaşadır, həm bugünümüzü işıqlandırır, həm də gələcəyimizi yaradırdı. Ölkənin həyatını, xalqın varlığını əks etdirən hər bir sahədə ulu öndərin silinməz izləri var. Bütün zamanlarda bütün nəsillərin bunu bilməsi və qiymətləndirməsi çox vacibdir.

Xoşbəxtlikdən, bu gün də xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanması, mədəni irsinin yaşadılması və təbliği, eləcə də onun ümumi mədəni səviyyəsinin və dünya görüşünün yüksəldilməsi ümdə bir məsələ olub daim Azərbaycan dövlətinin diqqəti mərkəzindədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı Fərman və sərəncamlarla ədəbiyyat və incəsənət xadimlərinə keçirilən yubileylər, verilən dövlət müküfatları və adları, ölkəmizin hər yerində yenicə tikilən və əsaslı təmir edilən teatr, muzey, kitabxana binaları, mədəniyyət sarayları, park və bağlar bu sahəyə olan diqqət və qayğının bariz təzahürüdür.

 

Rəşad Əliyev,

Sumqayıt Regional

Mədəniyyət İdarəsinin rəisi

                                                                                      Respublika qəzeti 03.05.2021