Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycan-Türkiyə siyasi əməkdaşlığı yeni fazaya keçir

09.06.2021

İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursunun əsas prioritetlərini daha da təkmilləşdirməklə davam etdirdi. Bu prioritetlərdən biri də Azərbaycanın qardaş Türkiyə ilə münasibətlərinin daha da dərinləşdirilməsi oldu.

 

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi xarici ölkəyə ilk rəsmi səfərini məhz 2004-cü ilin aprelində Türkiyəyə etdi. Prezident İlham Əliyev bu addımı ilə bütün dünyaya göstərdi ki, Azərbaycanın xarici siyasətindəki əsas prioritet Türkiyə ilə strateji müttəfiqliyin və qardaşlığın daha da dərinləşməsi olacaq. Bu səfər Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ yaratdı.

 

Son 17 ildə Türkiyə ilə münasibətlər Azərbaycanın xarici siyasətində əsas prioritet olaraq qaldı

 

Ötən dövr ərzində dövlət başçıları səviyyəsində dəfələrlə qarşılıqlı rəsmi və işgüzar səfərlər həyata keçirildi. İki qardaş ölkə dünyanın enerji xəritəsini yenidən formalaşdıracaq strateji əhəmiyyətə malik olan ortaq layihələrin təməlini qoydular.

 

Azərbaycan – Türkiyə münasibətlərinin Ümummilli lider Heydər Əliyevin səsləndirdiyi “bir millət, iki dövlət” prinsipi əsasında möhkəmlənməsinin və bütün sahələrdə inkişafının məntiqi nəticəsi olaraq 2010-cu ilin sentyabrında daha bir tarixi qərar verildi. İki ölkə liderlərinin İstanbul görüşündən sonra Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması barədə birgə bəyannamə imzalandı. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması ilə iki regional güc olan Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik münasibətləri daha da dərinləşdi və geniş coğrafiyada münasibətlər sisteminə təsir göstərən bir amil oldu.

 

Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələr üzrə davamlı inkişafı iki ölkə rəhbərinin həm şəxsi münasibətlərdə, həm də dövlətlərarası səviyyədə əsl qardaşlıq nümayiş etdirmələrinin nəticəsidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə daim qardaş ölkəyə qeyd-şərtsiz dəstəyin əsl nümunəsini göstərib. Əliyev-Ərdoğanın birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birlərinə “qardaş” deyə müraciət etmələri həm xalqlarımız, həm də dünya birliyi üçün bir nümunədir.

 

İşğal altında olan torpaqlarımızın erməni işğalçılarından azad edilməsi zamanı Türkiyə dövləti və onun prezidenti tərəfindən Azərbaycana göstərilən mənəvi və diplomatik dəstək həqiqi qardaşlığın daha bir təzahürü və göstəricisi idi. İkinci Qarabağ müharibəsində Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün səylərini əsirgəməyərək böyük əzmkarlıq nümayiş etdirdilər. Beynəlxalq təzyiqlərə baxmayaraq Türkiyə mövqeyindən geri çəkilmədi. Prezident İlham Əliyevin “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir” fikri bir daha öz təsdiqini tapdı.

 

İki ölkə arasındakı əməkdaşlığın yeni bir mərhələsi başlayır

 

Bu gün ölkələrimiz arasındakı münasibətlər hər iki ölkənin liderlərinin apardıqları məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb və bir sıra sahələrdə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Yeni çağrışlara uyğun olaraq Azərbaycanla Türkiyə arasında siyasi əməkdaşlıq genişlənir, yeni istiqamətlər müəyyənləşdirilir. İki ölkənin hakim partiyası arasında uzun illərdir davam edən əməkdaşlığın yeni bir mərhələsi başlayır. Bu günlərdə Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin Türkiyəyə etdiyi səfər siyasi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə 1-3 iyun 2021-ci il tarixlərində Ankara şəhərində səfərdə oldu. Nümayəndə heyətini qəbul edən Türkiyə Prezidenti iki qardaş ölkə arasındakı münasibətlərinin hazırkı mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdi. Prezident İlham Əliyevin bundan sonra da bölgədə sülhün bərqərar olmasına və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi işinə mühüm töhfə verəcəyinə əminliyini bildirdi. Vurğulandı ki, hər iki ölkənin hakim partiyasının rəsmiləri fəaliyyətlərini yeni çağırışlara uyğunlaşdırmalıdır.

 

Sözügedən səfər həm də Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması ilə yadda qaldı. 2 iyun tarixində imzalanmış əməkdaşlığa dair niyyət protokolu partiya təcrübəsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 44 günlük müharibədəki tarixi qələbədən sonra qardaş ölkənin aparıcı şirkətlərinin azad edilmiş ərazilərdəki inşaat işlərində yaxından iştirakı iqtisadi münasibətlərdə yeni bir dövrün təməlini qoyduğu kimi, YAP və AKP arasında imzalanmış niyyət protokolu da iki ölkənin siyasi arenasında yaxınlaşmanın, əlaqələrin daha da genişləndirilməsinin yeni bir müstəviyə keçməsinin göstəricisidir.

 

Bundan sonra Azərbaycan və Türkiyənin hakim partiyaları üzv olduqları müxtəlif beynəlxalq siyasi platformalarda  iki qardaş ölkənin mənafelərinin qorunması, eləcə də müsbət təcrübənin öyrənilməsi və tətbiqi, gənclərin beynəlxalq fəaliyyətində və digər sahələrdə davamlı olaraq əməkdaşlıq edəcəklər.

 

İki qardaş ölkənin hakim partiyaları arasında çoxşaxəli əlaqələrin daha da inkişaf etdirilməsi milli ideologiyaların inkişafına, ortaq sosial layihələrin reallaşdırılmasına, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinə təkan vermiş olacaq. Eyni zamanda hər iki ölkənin millət vəkilləri beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətlərini əlaqələndirəcəklər.

 

Beləliklə, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətləri, digər sahələrdə olduğu kimi, hakim siyasi partiyalar arasındakı münasibətlərin dinamik inkişafında da özünü göstərəcək. Partiya liderləri arasındakı mehriban münasibətlər Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasındakı əlaqələrin daha sıx olacağına və uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə böyük inam yaradır. Prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”.

 

Ramiz Hüseynov, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri