Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsinin nəcib addımı

19.07.2021

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da geniş qeyd olunur. Bayramın əsasında Allaha sonsuz sevgi, ulu yaradanın qüdrətinə dərin inam və iman işığı durur.

Bu il xalqımız Qurban bayramını Zəfər ab-havasında qarşılayır. Yenilməz Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni təcavüzünə son qoyaraq tarixi ədaləti, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Vətən müharibəsində qəhrəman əsgərlərimizin şücaəti, Silahlı Qüvvələrimizin 44 günlük müharibə zamanı rəşadətlə həyata keçirdiyi əməliyyatlar, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına haqq işimizdə qələbəni bizlərə nəsib etdi.

Bu əziz və müqəddəs bayram günlərində Sumqayıtın mədəniyyət işçiləri də şəhid və qazi ailələrinin yanında olub, onları ziyarət edib, bayram sevincini bölüşüb.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşları daim əlaqə saxladı Vətən müharibəsi şəhidləri - Şöhrət Qasımov, Rüfət Əhmədzadə, Nurlan Nuruzadə, Əlizamin Mustafalı, Şirbala Hüseynov, Samir Nadirov, Fərid Məmmədov, Qəzənfər Mütəllimov, həmçinin qazilər - Cavid Məlikov, Amil Əliyev, Asif Talıblı və, Nicat Eyvazlının evlərində qonaq olub, qəhrəmanlarımızın ailə üzvlərinə bayram ovqatı yaşadıblar.

Qonaqlar hər ailəyə bayram sovqatı çatdırıb, onlarla birlikdə çay süfrəsi arxasında igid şəhidlərimizi yada salıblar. Qeyd edilib ki, Vətən müharibəsində Azərbaycanın əsgər və hərbçiləri öz cəsurluğu, mərdliyi, mübarizə əzmi ilə düşmənin bütün canlı qüvvəsini məhv edərək, yeni tarix yazdı. Şübhəsiz ki, bu döyüşlərdə Vətən torpaqlarının müdafiəsi uğrunda canından keçən şəhidlərimiz və qazilərimiz xalqımızın qəlbində daim yaşayır və yaşayacaqdır.

Görüş zamanı mədəniyyət işçiləri onların qayğıları ilə maraqlanıb, şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu ediblər.

Bununla yanaşı, səhhəti, yaşı ilə bağlı müəyyən sıxıntı yaşayan mədəniyyət işçiləri, veteranları da unudulmayıb. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsi bu əziz bayram günlərində onlara qurbanlıq ət payı və ərzaq bağlaması təqdim edib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin bu nəcib və vacib addımından təsirlənən ailələr təşəkkür edərək, dinimizə hər zaman dərin hörmətlə, ehtiramla yanaşan, dini və milli dəyərlərimizi daim uca tutan ölkə başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.