Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mehriban xanım Əliyevanın gördüyü işlər ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır

24.08.2021

Azərbaycanın xarici siyasətinin uğurla həyata keçirilməsində Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir. Ulu Öndərin adını daşıyan və siyasi ideologiyasını rəhbər tutan Fond, 10 May 2004 -cü ildən, qurulduğu gündən etibarən ölkə xaricində müxtəlif sahələrdə bir çox proqram və layihələr həyata keçirmişdir. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva əməli fəaliyyətini gerçəkləşdirdiyi bütün sahələrdə qarşısına qoyduğu məqsədləri reallaşdırmaq üçün yüksək idarəetmə məharəti, professionallıq göstərməklə effektiv nəticələr əldə edir. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin xaricdə təbliği istiqamətində də çox geniş fəaliyyət göstərir.

 

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nin və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli, çoxşaxəli və ali məramlara söykənən fəaliyyəti ölkəmizin inkişafının sürətləndirilməsi, müsbət beynəlxalq nüfuzunun daha da artırılması və davamlı nailiyyətlərin əldə olunması baxımından xüsusi əhəmiyyətə malikdir. Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Sirr deyil ki, Azərbaycan-UNESCO əlaqələrinin indiki səviyyəyə yüksəlməsində Mehriban xanım Əliyevanın böyük əməyi var.

 

Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə 2004-cü il avqustun 13-də təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura müsahibələrindən birində bildirib ki, Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanla UNESCO arasında sıx əməkdaşlıq yaranmışdır. Koişiro Matsuura diqqətə çatdırıb ki, Mehriban xanım Əliyevanın xoşməramlı səfir təyin olunmasından bir qədər əvvəl Qeyri-maddi mədəni irsin qorunması haqqında yeni beynəlxalq Konvensiya qəbul olunmuşdu. Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın məhz bu sahədə xoşməramlı səfir missiyasını üzərinə götürməsi həm Azərbaycan xalqı, həm region, həm də bütün dünya xalqları üçün müsbət əhəmiyyətli hadisə oldu, eləcə də Qeyri-maddi mədəni irsin qorunması üzrə yeni Konvensiyanın təşviqinə əhəmiyyətli dərəcədə töhfələr verdi: “Mehriban Əliyeva UNESCO-nun tamamilə yeni sahəsi olan Qeyri-maddi mədəni irsin qorunması üzrə məsuliyyət daşıyan çox fəal xoşməramlı səfirdir”.

 

Heydər Əliyev Fondu hər il “Təhsilə dəstək” layihəsi çərçivəsində Qarabağ müharibəsi nəticəsində daim yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şağirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki məktəblərə, həmçinin Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir. “Təhsilə dəstək” layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir.Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2007-ci ildə zəlzələdən zərər çəkmiş Pakistanın Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb tikilmişdir. 2012-ci ildə isə həmin məktəbdə əsaslı yenidənqurma və təmir işləri aparıldıqdan sonra Pakistan hökumətinin qərarı ilə bu təhsil ocağına xeyirxahlıq mücəssəməsi olan Mehriban Əliyevanın adı verilmişdir.

 

Bundan başqa, hörmətli Mehriban xanımın dəstəyi ilə Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilmiş və ya əsaslı təmir edilmişdir.

 

2013-cü ildə ABŞ-ın Merilend ştatında yerləşən məktəblərə interaktiv lövhələrin və əlil uşaqlar üçün müvafiq avadanlığın alınmasına maliyyə yardımı edilmiş, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən uşaqlar və gənclər üçün mərkəz yenidən qurulmuşdur.

 

Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsinə start verilmişdir. Bu layihə çərçivəsində ölkəmizdə 40-a yaxın uşaq evi və internat məktəbi ən müasir standartlara uyğun olaraq təmir edilmişdir. Bu layihənin icrası ölkəmizdəki özəl sektor ilə sıx işbirliyi hesabına reallaşmışdır.

 

Bundan başqa, 2014-cü ildə hörmətli Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu növbəti böyük bir layihəyə – “Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı”nın icrasına başlamışdır.

 

Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin UNESCO çərçivəsində qeyd edilməsi də bu qurumla əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin, görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin 100 illik yubileyləri, habelə bu qəbildən olan digər tədbirlər UNESCO çərçivəsində böyük təntənə ilə qeyd edilib. Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfirlərinin toplantılarında, qurumun mötəbər tədbirlərində iştirakı, keçirdiyi görüşlər, dünyada təhsilin vəziyyəti və digər aktual mövzularda çıxışları böyük maraqla qarşılanır. Onun aramsız səyləri və nüfuzu sayəsində Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi UNESCO-nun Dünya İrsi Siyahısına, Azərbaycan muğamı, aşıq, xalçaçılıq, tar ifaçılığı və hazırlanması sənətləri, Novruz bayramı, dolma, lavaş və kəlağayı, Lahıc misgərlik sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, çövkən oyunu isə UNESCO-nun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

 

UNESCO-nun Azərbaycan mədəniyyətinə göstərdiyi qayğı, bu təşkilatın xətti ilə Azərbaycanın görkəmli ədəbiyyat və incəsənət xadimlərinin yubileylərinin keçirilməsi, əlaqələrin getdikcə genişlənməsinin bariz nümunəsidir. Söz yox ki, Azərbaycanın I Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu təşkilatın xoşməramlı səfiri adına layiq görülməsi də böyük etimadın nəticəsidir. Eləcə də onun təşəbbüsü ilə beynəlxalq miqyasda keçirilən bir çox mədəni tədbirlər sayəsində müasir dünya mədəni sisteminin ən nufuzlu xadimləri də Azərbaycanla yaxından tanış olur və ölkəmizin nüfuzunun artmasında onların zamanla rolunun dəyəri da güclənir.

 

Müxtəlif müsəlman ölkələrində xeyriyyə aksiyalarının keçirilməsi, müsəlman uşaqların təhsili və sağlamlığı ilə bağlı davamlı layihələrin reallaşdırılması, həmçinin Bakının İslam mədəniyyətinin paytaxtı olması önəmli təşəbbüs və vacib işlər kimi qeyd edilə bilər. Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa etmiş, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirmişdir. Bundan əlavə, Mehriban xanım Əliyeva yüz illər boyu Azərbaycanda dost və qardaş şəkildə yaşamış müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşası işində də öndə dayanmışdır. Mərdəkan qəsəbəsindəki XVI əsrə aid “Pir Həsən” ziyarətgahında, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovna qəsəbəsindəki “Cümə” və s. məscidlərdə əsaslı təmir və bərpa işləri həyata keçirmişdir.

 

Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindənVersal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, Luvr Muzeyinin bərpası, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin bərpası, Romanın Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Vatikanda Roma katakombalarının bərpası, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı, filosofu və humanisti Mirzə Fətəli Axundzadənin abidəsinin ucaldılması, Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzinin yaradılması, Romada Kapitolini Muzeyinin “Filiosoflarzalı”nın təmiri və digər ümumbəşəri layihələr icra edilmişdir.

 

Mehriban xanım Əliyeva öz fəaliyyətində dünyada sülhün qorunmasına, həmçinin münaqişə ocaqlarında sülhün bərqərar olunması işinə də böyük önəm vermişdir. Məhz Mehriban xanımın təşəbbüsü sayəsində UNESCO və ISESCO-nun dəstəyi ilə 2008-ci ildə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” beynəlxalq forumu ümumbəşəri mədəniyyətə, sülhün və əmin-amanlığın bərpa olunmasına hesablanmış ən böyük addım olmuşdur. Ölkəmizdə bilavasitə Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü”, “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfranslar, “Dünya gənclərinin 4-cü məşğulluq sammiti”, BMT-nin Dövlət Xidmətləri Forumu, habelə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal tədbirlər uğurla keçirilmişdir.

 

Beləliklə, Mehriban xanım Əliyevanın UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri kimi fəaliyyəti, dünyanın maddi, qeyri-maddi irsinin bərpası və onun gələcək nəsillərə çatdırılması istiqamətindəki səyləri, dünya əhalisinin sağlamlıq və təhsil ehtiyaclarının qarşılanması təşəbbüsləri, ölkələrarası səmərəli əməkdaşlıq mühitinin formalaşdırılması sahəsindəki fəaliyyəti, dinlər və mədəniyyətlərarası dialoq mühitinin yaradılması təşəbbüsləri ümumilikdə ölkəmizin beynəlxalq imicinin möhkəmləndirilməsinə xidmət etmişdir.

Təranə Mirzəyeva, Sumqayıt şəhər Mərkəzi Kitabxanasının metodika biblioqada şöbəsinin müdiri