Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sumqayıt Regional Mədəniyyət İdarəsinin kollektivi Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun ailəsini ziyarət edib

24.08.2021

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Abşeron rayon üzrə nümayəndə İlham Manafov, məsləhətçi Ceyran Həsənova, Abşeron rayon Mədəniyyət mərkəzinin direktoru v.m.i.e Samirə Qafarova 2020-ci il iyul ayında Tovuz rayonu ətrafında düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun yaşadığı evdə onun ailəsini ziyarət ediblər.

Şəhidin anası Səmayə Həşimova, qardaşı İlham Həşimov vətəninə sonsuz sevgi bəsləyən Polad Həşimov haqqında xatirələrini bölüşüblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev  qeyd edib ki, Azərbaycanın bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək, ən böyük şərəf və qürur zirvəsi olan – müqəddəs Şəhidlik zirvəsinə ucalmış general-mayor Polad Həşimovun həyat və döyüş yolu nəsillərə örnəkdir və onun xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaqdır.

Sonra çıxış edən şəhid anası Ceyran Həsənova “Şəhid anası” adının hər adama qismət olmadığını, nə qədər acı olsada bu adı daşımağın fəxr hissi olduğunu vurğulayıb.

Daha sonra Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən Polad Həşimovun yağlı boya ilə çəkilmiş portreti xatirə olaraq ailəsinə hədiyyə olunub.

Şəhid generalımızın ailəsi onlara göstərilən daimi diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyeva, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Vətən, torpaq uğrunda canından keçən şəhidlər heç zaman unudulmur, onlar qəlbimizdə əbədi yaşayır! Uca Tanrıdan Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün Şəhidlərimizə rəhmət diləyirik!