Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şuşada Vaqif Poeziya Günlərinin bərpa olunması xalqımızın böyük sevincinə səbəb oldu

06.09.2021

44 günlük qələbə sevincinin, qalibiyyət təntənəsinin fərəhi işğaldan azad olunmuş yerlərimizdə keçirilən möhtəşəm tədbirlər və infrastruktur quruculuğu ilə daha geniş vüsət alır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin: “Əziz Şuşa,sən azadsan!,- müjdəsindən sonra qədim Azərbaycan torpağı, milli mədəniyyətimizin paytaxtı Şuşada yadda qalan, mədəniyyət hadisəsinə çevrilən tədbirlər gerçəkləşir.

Avqustun 30- da baş tutan Vaqif Poeziya Günlərində Şuşa qəribsədiyi doğma sədaları, yarasına məlhəm olan musiqiləri eşitdi. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xarıbülbül festivalının ardınca, Poeziya bayramının əks- sədası dostun qəlbini fərəhləndirdi, düşmənin bağrını yandırdı.

Bu tədbir həm də dövlət başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tarixi, mədəni irsə, milli təfəkkürə sayğılarının və ehtiramlarının təzahürüdür.

Şair və yazıçılar, mədəniyyət və incəsənət xadimləri Zəfər yolu ilə Şuşaya ayaq basdılar.

Böyük Azərbaycan şairi, poeziyamızda realizmin banisi, dövlət xadimi,Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsi 1982- ci ildə Ulu Öndər, milli ədəbiyyatımızın təəssübkeşi Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdi. Təəssüf ki, işğal dövründə vəhşiliklə dağıdılmışdı.

Şuşa şəhəri azad olunan kimi Prezident İlham Əliyev məqbərənin yüksək səviyyədə bərpası üçün göstəriş verdi. Vaqif Poeziya Günlərinin açılışında Azərbaycan bir daha dünyaya bəyan etdi ki, bu dövlət dağıdıcı yox, qurucudur.

Tədbir iştirakçılarını salamlayan Prezident İlham Əliyev vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmək təklifini verdi. Daha sonra dövlət başçısı tarixi ekskurs etdi. 1752- ci ildə Pənahəli xan tərəfindən əsası qoyulmuş Şuşa şəhərinin 270 illiyinin təntənəli şəkildə qeyd olunacağını bildirdi.

Prezident İlham Əliyev bildirdi ki, işğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi: “Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”.

Ölkə başçısı vurğuladı ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır.

Habelə, ölkə başçısı qələbədən sonra görülən və görüləcək təmir- bərpa, tikinti işlərindən və şəhərin baş planından danışdı. Xalq yazıçıları Anar və Elçin, Xalq şairi Nəriman Həsənzadə, şair, yazıçı İlqar Fəhmi çıxış etdilər. Natiqlər Ulu Öndərin ədəbiyyata, mədəniyyətə əlahiddə qayğısından xatirələr danışdılar, eyni zamanda bu gün həmin ənənənin Prezident İlham Əliyev və Birinci vitse- prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirildiyini vurğuladılar.

Daha sonra gənc şairlər Günel Şamilqızı və Şəhriyar Del Gerani yeni şeirlərini oxudular.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Vaqifin məqbərəsinin açılış məqamını özündə əks etdirən videoçarx nümayiş etdirildi.

Tədbirin davamı olaraq sərgi və simpozium keçirildi.

Bu tədbirdən sonra hər kəs bir dahs əmin oldu ki, Şuşa milli – mənəvi, mədəni dəyərlərimizin rəmzi olmaqla yanaşı, həm də dünya şəhərləri sırasında önəmli yer tutacaq, hər bir əcnəbinin can atdığı mistik şəhərə çevriləcək.

Mən bir qələm adamı olaraq təşkilatçılara minnətdaram ki, belə gözəl məqamı mənə də yaşatdılar.Mən də bu tədbirə dəvət aldım və heç vaxt unudulmayan,yaddaşıma əbədi həkk olan qeyri- adi düşüncə və hissləri burada yaşadım. İlk dəfə gördüyüm mübarək vətən torpağında, Şuşada…

Gülnarə Cəmaləddin, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri