Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli birlik sayəsində tarixi missiyamızı yerinə yetirdik

23.09.2021

Tarix boyu bir-birindən dəyərli və qədim köklərə dayanan milli dəyərlərimizlə öyünmüş və bu ənənənələri qoruyaraq nəsillərdən-nəsillərə ötürməyi bacarmışıq. Bu ənənələrdən biri də xalq olaraq həm sevincdə, həm kədərdə birlik və bərabərlik duyğumuzu itirməməyimizdir. Buna görədir ki, başı olmazın bəlalar çəkmiş xalqımız bu qanlı-qadalı günlərin öhdəsindən ləyaqətlə gəlməyi bacara bilmişdir. Ənənələrə sadiqliyimiz tarixin sınağından daim üzü ağ, başı dik çıxa bilməyimizi stimullaşdırmışdır. Milli şüurumuzda dərin iz buraxan bu dəyərlər bir daha növbəti, ağır bir sınaqdan çıxmağı bacardığımızı bütün dünya qarşısında gözlər önünə sərdi. Naqis düşmənin xalqımızı yeni bir fəlakətə çəkmək planları yenidən boşa çıxdı. Xalqımızın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”la birləşərək torpağımıza göz dikmiş yağı düşmənə sarsıdıcı zərbə endirdi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə ön cəbhədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə isə çalışan mülki şəxslər, bütövlükdə yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə ağır zərbələr endirmişdir. İkinci Qarabağ müharibəsində Şanlı Azərbaycan Ordusunun və xalqının nümayiş etdirdiyi birlik və bərabərlik sayəsində bu gün xalqımız öz zəfərini dönə-dönə yaşaya bilir.

Xalqımıza miras qalmış ənənəni layiqincə yerinə yetirən Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin ona qoyub getdiyi şanlı missiyanı uğurla davam etdirməkdədir. Bu gün vandalizmin daşıyıcısı olan erməni işğalından azad olunmuş ərazilərdə dövlət başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə planlı şəkildə quruculuq işləri həyata keçirilir. Qısa bir zamanda işğaldan azad olmuş torpaqlarımızda sürətlə həyata keçirilən abadlıq və quruculuq işləri ürəkləri yurd həsrəti ilə yanan məcburi köçkünlərimiz üçün tezliklə öz torpaqlarına qayıdacağına bir stimuldur. Hazırki dünya pandemiyanın yaratdığı iqtisadi gərginliklə məşğul olarkən belə bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü dövlətimizin güc və qüdrətini nümayiş etdirir.

İkinci Qarabağ müharibəsi bitdikdən sonra azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev bir daha xalqımızın yanında olduğunu nümayiş etdirib. Dövlət başçısı sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, əzmində olduğumuzu dönə-dönə qeyd edib. Düşmən üzərində misilsiz qələbə qazanan Azərbaycan indi çox güclü bir ölkə kimi dünya arenasında öz inkişafını nümayiş etdirir.

Artıq dünya miqyasında qəbul olunmuş bir haldır ki, dövlətlər təkcə hərb sahəsində deyil eyni zamanda informasiya cəbhəsində müharibə aparır. İnformasiya savaşının qəhrəmanları isə kütləvi informasiya vasitələridir. Qeyd edək ki, Prezident İlham Əliyev diplomatiya sahəsində olduğu kimi informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərib. Dövlət başçısı Azərbaycana qarşı yönəldilmiş informasiya blokadasını yarıb, müharibənin qaynar vaxtı və müharibədən sonra onlarla aparıcı, xarici KİV nümayəndələrinə müsahibələr vermişdir. Əlavə edək ki, bu müsahibələrin hər biri Azərbaycanın diplomatik uğurudur və qarşı tərəfin yaratdığı dezinformasiyaların qarşısını məharətlə almaqda əvəzsiz rol oynamışdır.

Hər bir vəziyyətdə birləşməyi bacaran xalqımız Vətən müharibəsi zamanı bunu bir daha nümayiş etdirib. Siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunun göstəricisidir. Partiyalar tərəfindən imzalanan bəyanatlarda “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” müraciətləri vurğulanaraq qeyd olunmuşdur.

Hər zaman xarici havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi rejim “xilaskar”larının bu dəfə də onların köməyinə gələcəyini düşünürdü. Lakin 44 günlük müharibədə Ordumuzun rəşadəti, Ali Baş Komandanın düzgün siyasəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflasını gözlər önünə sərdi. Erməni tərəfin yalvarışlarına, təhdidlərə, təzyiqlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və illərdir ertələnən tarixi ədalət bərpa olundu. Biz torpaqlarımıza qovuşduq.

Müharibə bitib, lakin düşmənin revanşist ünsürlərinin qarşısında Azərbaycanın xalqa arxalanan gücü və siyasəti dayanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu qüvvələrə qarşı fikirlərin ifadə edərək yumruğunu düyünləyərək bildirib ki, əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək. Bu yumruq yerindədir və bizim səbrimizi sınamasınlar deyə fikrini əsaslandırıb. Dövlət başçısı Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır deyə əlavə etmişdir. Prezident İlham Əliyev Rəsmi İrəvanın revanşist cəhdlərinin sadəcə intihar – Ermənistan dövlətçiliyinin sonu kimi qiymətləndirmişdir.

Azərbaycan bir dövlət kimi mövcud olduğu gündən bu günə kimi daim naqis qonşuların hücumlarına məruz qalmış, xalqımız da bu münaqişələrdən çox əzab-əziyyət çəkmişdir. Əsrin əvvəllərindən və yaşadığımız son 30 ildə olduğu kimi, Vətən müharibəsində də Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimiz çox olmuşdur. Şəhid ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı həmişə yüksək səviyyədə olub . Onu da əlavə etmək lazımdır ki, Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar şərəfli missiyanın hüquqi əsaslarla möhkəmləndirildiyinə tutarlı sübutdur. Azərbaycanın birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş edir. Azərbaycan dövləti üçün İkinci Qarabağ müharibəsinə qədər olduğu kimi, indi də əsas prioritet şəhid ailələrinə və qazilərə dövlət qayğısının daha da gücləndirilməsidir.

Bu gün hər bir azərbaycanlı üçün bütün şəhidlər qardaşdır, bacıdır. Hər bir müharibə iştirakçısı, qazisi bizim üçün doğmadır, əzizdir və hər birimiz onlar qarşısında ömürlük məsuliyyət daşıyırıq. Prezident İlham Əliyev yaralanan döyüşçüləri ziyarət edərkən bildirmişdir ki “Mən hər zaman qazilərin yanında olacağam”. Bu sözü ilə əslində cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini ifadə etmişdir.

Qeyd edək ki, yaralanmış müharibə iştirakçılarının reabilitasiyası, sosial problemlərinin həlli dövlətimiz tərəfindən uğurla həyata keçirilir. Vətən müharibəsində iştirak etmiş və müxtəlif dərəcəli bədən xəsarəti almış qazilər ölkəmizin bu məqsədlə xüsusi ayrılmış tibb müəssisələrində müalicə alırlar. Onların bəziləri əməliyyat olunaraq reablitasiya mərkəzlərinə göndərilib, bəziləri isə əməliyyat olunacaqdır. Əksəriyyəti isə xüsusi fizioterapeya keçmək üçün ölkənin öndəgedən sanatoriyalarında müalicə alırlar.

Bu birlik və bərabərlik gələcəkdə işıqlı Azərbaycanımız üçün daha geniş üfüqlər açacaq. Sahib çıxmalı olduğumuz bu dəyər gələcəyi qurmaqda icra edəcəyimiz bütün işlərdə bizim üçün geniş imkanlar yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının gücüdür.

Esmira Şahbazova, Sumqayıt şəhət Mərkəzi kitabxananın əməkdaşı