Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlər ölməz, Vətən bölünməz

07.10.2021

Azərbaycanın yenilməz ordusu, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində uğurlu əməliyyatlar keçirərək düşmənin bütün işğalçı qüvvələrini qısa müddətdə darmadağın etdi. Qarabağ sakinlərinin 30 ilə yaxın davam edən vətən həsrətinə son qoydu.

Ordumuz uzun illər ərzində formalaşaraq, döyüş potensialını artırdı və ən müasir silahlarla təchiz olunaraq yeni ordu prinsiplərini inkişaf etdirdi. Beləliklə, Silahlı Qüvvələrimiz dünyanın ən güclü ordusu sıralarında yer aldı.

Lakin bu zəfər bizə xalqımızın igid övladlarının qanı bahasına başa gəldi. O oğullar ki, Birinci Qarabağ savaşından başlayaraq qələbimizə qədər qəlblərində böyük bir Vətən sevgisi saxladılar. Məhz bu sevgi onları şəhidlik məqamına ucaltdı. Xalqımız illər keçsədə onları yaddaşından silməyəcək, ailələrini və bizə əmanət qalan övladlarını daim diqqətdə saxlayacaqdır.

Şusa Şəhər mədəniyyət işçiləri həmkarlar komitəsi şəhidimiz Niyət İmran oğlu Şirəliyevin ailəsini ziyarət edib. Ailəsi onun haqqında qürurla söhbət açaraq, xatirlərini bölüşüblər.

 

Kollektiv Niyətin ailəsinə Allahdan dözüm, səbr diləyib və daim onların yanında olduqlarını vurğulayıblar.

 

N. Şirəliyev 9.02.1990-ci il Şamaxı rayonunun Ovçulu kəndində dünyaya göz açıb. 1997-2007-ci illərdə B. Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2011-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərb məktəbində təhsil alıb.

O, 2011-2012-ci illərdə Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində ixtisası üzrə biliklərini artırıb. 2012-ci ildə Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb. 2014-cü ildə ona Baş leytenant hərbi rütbəsi verilib.

İgidimiz 2016-ci ilin Aprel, 2020-ci ilin Tovuz döyüşlərinin iştirakçısı olub. 2018-ci ildən isə kapitan hərbi rütbəsi ilə xidmətini davam etdirib.

N. Şirəliyev 2019-cu ildə Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissədə  tabor komandirinin  maddi-texniki təminat üzrə müavini, 2020-ci ildə isə hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin  müavini vəzifəsinə təyin olunub.

Kapitan Niyət 2020-ci il 27 sentyabrında başlanan İkinci Qarabağ müharibəsinə qatılaraq Kəlbəcər və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 27 sentyabr Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalaraq, Şamaxı şəhidlər xiyabanında dəfn olunub.

Vətən borcunu şərəflə yerinə yetirdiyinə görə, ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!