Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlərimiz xalqımızın hər bir nümayəndəsi tərəfindən daim hörmətlə anılır

08.10.2021

Xalqımız öz lideri İlham Əliyevin düşünülmüş siyasəti və igid əsgərlərimizin qəhrəmanlığı sayəsində ərazi bütövlüyünü, tarixi ədaləti bərpa edib. Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsi beynəlxalq aləmdə, o cümlədən İslam dünyasında nüfuzunu daha da artırıb.

Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük müharibə zamanı əldə etdiyi parlaq Qələbəyə öz töhfələrini bəxş etmiş şəhidlərimizin xatirəsi, qazilərimizin fədakarlıqları qəlbimizdən əsla silinməyəcək.

Sumqayıt Regional Mədəniyyət idarəsinə tabeli Qubadlı şəhər Ə.Mehdiyev adına UMM-nin müəllimləri 08.10.2021 tarixində İkinci Qarabağ müharibəsində şəhid olan, gənc tarzən ,Milli konservatoriyanın məzunu, istedadlı musiqiçi Toğrul Rüfət oğlu Hacıyevin ailəsini ziyarət ediblər.

Kollektiv T.Hacıyevin ailəsi ilə bərabər onun keçdiyi şərəfli yoldan geniş söhbət açıblar, hər zaman şəhid ailələrinin yanında olduqlarını, onların bütün qayğılarında əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər.

Toğrul Hacıyev 1996-cı il dekabrın 24-də Bakı şəhərində dünyaya göz açıb. 2003-2014-cü illərdə Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin 313 nömrəli tam orta məкtəbində təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Milli Konservatoriyasında bakalavr, 2018-2020-ci illərdə isə həmin təhsil müəssisəsində magistr pilləsində ali musiqi təhsili alıb. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan şəhidimiz 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul oktyabrın 10-da Füzuli döyüşləri zamanı şəhid olub. Binəqədi rayonunda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!