Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlər qürur yerimizdir

09.10.2021

09.10.2021- ci il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Zəngilan rayon Nümayəndəliyinin kollektivi Füzuli, Şuşa və Hadrut istiqamətində gedən döyüşlərdə şücaət göstərərək şəhid olan Emil Rasif oğlu Abdüləzimlinin evini ziyarət ediblər.

Müəssisənin əməkdaşları şəhidimizin ailəsi ilə bərabər onun xatirələrini bölüşüb, Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi və Ali Baş Komandanımız İlham Əliyev cənabları ilə xalqımızın sıx birliyindən, şəhidlərimizin  keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs ediblər.

Şəhidin evinə sovqat aparılıb, daha sonra isə Sumqayıt şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət edilib, onun ruhuna dualar oxunub.

E. Abdüləzimli 6 dekabr 1994-cü ildə Sumqayıt şəhərində dünyaya göz açıb. 2001-ci ildə Sumqayıt şəhər 1 saylı orta məktəbin 1-ci sinfində təhsilə başlayıb. 2002-2012-ci illərdə Abşeron rayonu, Masazır qəsəbəsi 2 saylı tam orta məktəbdə təhsilini davam etdirib. 2012-ci ildə yüksək balla Azərbaycan Kooperasiya Universitetinə qəbul olunan Emil 2016-cı ildə universiteti yüksək nailiyyətlərlə bitirib.

Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ildə Naxçıvan MR-nın Culfa şəhəri N saylı hərbi hissədə hərbi xidmətini başa vuran şəhidimiz öz biliyi, bacarığı və xüsusi istedadı ilə fərqlənib.

Ötən ilin 27 sentyabrından başlanan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarına könüllü olaraq qatılıb. Oktyabrın 19-ü Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Subay idi. 20 oktyabr 2020-ci ildə Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!