Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid ailələrinə və qazilərimizə dəstək nümayişi davam etdirilir

13.10.2021

Azərbaycan əsgəri, zabiti ilk gündən müharibəyə, qalib olacağı, torpaqlarımızı işğaldan azad edəcəyi, ərazi bütövlüyümüzü bərqərar edəcəyi amalla başladı. Bu sevgi, bu istək də bizi məhz uğura gətirib çıxardı.

Heydər Əliyev Mərkəzi və Şəhər mədəniyyət evi qələbəmizin səbəbkarları olan şəhidlərimizə və qazilərimizə laqeyd yanaşmayaraq, onların keçdiyi döyüş yoluna həsr olunan tədbirlər təşkil edir, evlərini ziyarət edirlər.

Heydər Əliyev Mərkəzinin kollektivi Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə ağır döyüşlərdə iştirak edən qəhrəman qazimiz Vüqar Abbasovla görüş keçirib. Müəssisənin əməkdaşları bu savaşda qazanılan möhtəşəm tarixi Qarabağ Zəfəri münasibəti ilə qazimizi və onun ailə üzvlərini ürəkdən təbrik edib, ona Allahdan şəfa diləyib.

Görüşdə müharibənin ilk günlərindən ön cəbhədə ağır döyüşlərdə iştirak edən qazi V. Abbasov keçdiyi döyüş yolundan danışıb, ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevlə və Ordumuzla qürur duyduğunu bir daha vurğulayıb. Qazimiz və ailə üzvləri, onlara göstərilən diqqətə görə öz razılıqlarını bildiriblər.

Şəhər Mədəniyyət evinin kollektivi isə şəhid İzzət Həmidovun keçdiyi döyüş yolunu gənc nəslə tanıtmaq məqsədilə tədbir təşkil edib. Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərləri, qazilər, müəllim və tələbələr iştirak edib.

İ. Həmidov 28 fevral 2000-ci ildə Sumqayıt şəhərində dünyaya göz açıb. İlk təhsilə 26 nömrəli tam orta məktəbdə başlayıb. 20 oktyabr 2019-cu ildə hərbi xidmətə çağırılıb. 44 günlük savaş zamanı o da digər vətənsevər oğullarımız kimi müharibəyə qatılır və Füzulinin Alıxanlı kəndinin azad olunması uğrunda vuruşaraq 9 oktyabr Şəhidlik zirvəsinə yüksəlib.

Komandiri onunla bağlı xoş xatirələrini bölüşərək, qeyd edib ki, İzzət millətini torpağını sevən bir əsgər idi. Şəhid olmağı çox arzulayırdı, arzusuna çatdı.

Şəhidimiz ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı versin!